"Yağış" qəzəli | İlqar Fəhmi

Suda qərq etsə də ey dil, məni-naçarı yağış
Söndürə bilmədi qəlbimdəki odları yağış

Göydə səyyarələr ağlar bir bax bu su da
Yarı səyyarələrin göz yaşıdır yarı yağış

Soyuq ahım ki buludlu göyə getdi, çatdı
Ol zamandandı tutub çölləri, gülzarı yağış

Necə ar eyləməyib busə o güldən dilədim
Yuyub üzdən aparıb yoxsa həya, arı yağış

Əhli-eşqəm mənə ey dil, nə gərək sərvətü-var
Könlümün sərvəti atəş, gözümün varı yağış

Necə gör mö’cüzəli bir sədəf imiş yanağın
Ona dəydikcə səpər hər yana mirvari yağış

Göz yaşım görsə bilər sirrimi xəlq, əhsən ki
Qoymadı faş ola qəlbimdəki əsrarı yağış

İstəmir zərrə qədər toz da qala gül üzdə
Ol səbəbdəndi yuyur çöhreyi-dildarı yağış

Kə’beyi-kuyinə üz tutmuş ikən eşq əhli
Yağdı ki, pak eləsin bir belə zəvvarı yağış

Dinlə, gör bir nə həzindir yağışın zümzüməsi
Yoxsa ki istəyir ötsün kamanı, tarı yağış

Bircə an, ey pəri, cəlb etmək üçün diqqətivi
Gündə kuyində təmizlər dərü-divarı yağış

Fəhminin kimsəsi yoxdur bu biyabanda, gülüm
Dostu sirdaşı külək, həmdəmi qəmxarı yağış
 

0 şərh